Zakaz mobil tətbiq üzərindən işləyən və sifarişləri xidmət ərazisi boyunca maksimum 15 dəqiqəyə çatdıran onlayn supermarket idi.
Müştəri yalnız öz lokasiyasına xidmət göstərən deponun aktual stokunu görür, sifariş verir və məhsul qapısına çatana qədər prosesi tətbiqdən canlı izləyirdi.
Layihə daha əvvəl TukTuk Online Supermarket adı ilə fəaliyyət göstərmişdi. Pandemiya və komendant saatı dövründə insanların gündəlik ehtiyaclarını evdən çıxmadan qarşılayan əsas çatdırılma xidmətlərindən birinə çevrilmişdi. Daha sonra tətbiq, brend və əməliyyat modeli yenilənərək Zakaz Online Supermarket kimi inkişaf etdirildi.
Beləliklə, 24/7 işləyən “ən yaxın və ən sürətli market” vədi mobil tətbiq, dark store əməliyyatları və öz motokuryer şəbəkəmizlə real xidmət modelinə çevrildi.
Geniş çeşiddən sürət və stok davamlılığına
Zakaz ilkin mərhələdə geniş məhsul çeşidi ilə fəaliyyət göstərirdi.
İstifadəçi davranışlarını, sifariş datasını, məhsul dövriyyəsini və əməliyyat nəticələrini analiz etdikdə gördük ki, müştərinin əsas ehtiyacı minlərlə alternativ arasında seçim etmək deyil.
İstifadəçi gündəlik ehtiyac duyduğu məhsulun:
rahat tapılmasını;
həqiqətən stokda olmasını;
günün istənilən saatında sifariş edilə bilməsini;
mümkün qədər tez çatdırılmasını istəyirdi.
Bu nəticəyə əsasən məhsul strategiyasını dəyişdik. Geniş və aşağı dövriyyəli kataloq əvəzinə yüksək tələbatlı, sürətli istehlak olunan və davamlı stokda saxlanılması mümkün məhsullara fokuslandıq.
Bu qərar stok idarəetməsini sadələşdirdi, məhsul çatışmazlığını və əvəzetmə ehtiyacını azaltdı, sifariş yığımını sürətləndirdi və 15 dəqiqəlik çatdırılmanı daha stabil etdi.
Məhsul çeşidinin azaldılması məhdudiyyət deyil, real istifadəçi datasına əsaslanan strateji məhsul qərarı idi.
15 dəqiqəlik çatdırılmanı mümkün edən sistem
Zakaz dark store prinsipi ilə işləyirdi. Depolar əvvəlcədən xidmət zonalarına bölünmüşdü.
Müştərinin lokasiyasına əsasən tətbiqdə ona xidmət göstərəcək deponun stoku göstərilirdi. Beləliklə istifadəçi yalnız həmin anda mövcud olan və ona çatdırıla biləcək məhsulları görürdü.
Anbar daxilində məhsullar xüsusi nömrələmə sistemi ilə yerləşdirilmişdi. Sifariş operatorun terminalında məhsulların fiziki yerləşmə ardıcıllığına uyğun göstərilirdi. Operator səbəti həmin sıra ilə toplayaraq rəflər arasında lazımsız hərəkət etmirdi.
Sifariş axını belə işləyirdi:
Müştərinin lokasiyasına uyğun depo müəyyən edilir → həmin deponun stoku göstərilir → sifariş depoya düşür → operator səbəti optimal ardıcıllıqla toplayır → sifariş kuryerə ötürülür → kuryer müştəriyə çatdırır.
Bu model stok dəqiqliyini, anbar yığımını və çatdırılma müddətini eyni anda optimallaşdırırdı.
Bir müştərinin hazırlaşıb ən yaxın marketə getməsi, alışını tamamlaması və geri qayıtması çox vaxt 15 dəqiqədən uzun çəkirdi. Zakaz həmin sifarişi bu müddətdən daha qısa vaxtda onun qapısına çatdırırdı.
Bir sifariş, üç inteqrasiya olunmuş tətbiq
Zakaz yalnız müştəri tətbiqindən ibarət deyildi. Eyni sifariş üzərində real vaxtda işləyən üç fərqli rəqəmsal məhsul hazırlanmışdı.
Müştəri tətbiqi
İstifadəçi məhsulları seçir, sifariş verir, statusu və kuryerin hərəkətini xəritə üzərindən canlı izləyirdi.
Anbar sistemi
Operator ona düşən sifarişləri, məhsulların yerini və optimal yığım ardıcıllığını görürdü.
Kuryer tətbiqi
Kuryer sifarişin götürülməsini, müştəri ünvanını və çatdırılma prosesini idarə edirdi.
Hər istifadəçi yalnız öz öhdəliyinə uyğun interfeysdən istifadə edirdi. Bu, prosesi sadələşdirir, səhv riskini azaldır və sifarişin bütün mərhələlərini izlənə bilən hala gətirirdi.
Alış təcrübəsi və satışın inkişafı
Mobil tətbiqin UX-i anlıq və təkrarlanan alışların mümkün qədər az addımla tamamlanması üzərində qurulmuşdu.
İstifadəçi məhsulu tapır, səbətini tamamlayır, ünvanını təsdiqləyir və sifariş verdikdən sonra prosesi tətbiqdən canlı izləyirdi.
Orta səbət məbləğini və təkrar sifarişləri artırmaq üçün məhsul kampaniyaları, səbət məbləğinə bağlı endirimlər, tamamlayıcı məhsul təklifləri və alış həddinə əsaslanan stimullar tətbiq olunurdu.
Bu mexanizmlər birdəfəlik istifadəçilərin təkrar sifariş verən müştərilərə çevrilməsini dəstəklədi. Zamanla sadiq müştəri bazası formalaşdı və təkrar sifarişlər satış dövriyyəsinin mühüm hissəsinə çevrildi.
Məhsul və texniki prosesin idarə olunması
Zakaz-ın məhsul və texniki inkişaf prosesini bütövlükdə idarə etdim:
məhsul və UX arxitekturasının qurulması;
UI/UX dizayn prosesinin idarə olunması;
istifadəçi axınlarının hazırlanması;
funksional və texniki tələblərin yazılması;
backlog-un qurulması və prioritetləşdirilməsi;
task və sprint idarəetməsi;
development komandalarının koordinasiyası;
admin sistemlərinin hazırlanması;
QA və funksional testlər;
buraxılışların planlanması və yayıma nəzarət.
Əsas çətinlik üç ayrı tətbiq hazırlamaq deyil, onların eyni sifariş üzərində real vaxtda və sinxron işləməsini təmin etmək idi.
Bazarda yeni davranışın yaradılması
Zakaz qurularkən sürətli onlayn supermarket modeli dünyada yenicə yayılmağa başlayırdı, Azərbaycanda isə bu yanaşmanın ilk nümunələrindən biri idi.
Çətinlik yalnız texnologiya və logistikanı qurmaq deyildi. İstifadəçiləri gündəlik market alışını mobil tətbiqdən etməyə öyrətmək və bazarda yeni istehlak davranışı formalaşdırmaq lazım idi.
Layihənin müəllifi və direktoru Nurlan İmamquliyevin bu modelə inamı və vizyonu ideyanın işlək biznesə çevrilməsində əsas rol oynadı.
Əsas nəticələr
Zakaz sifarişin verilməsindən məhsulun müştərinin qapısına çatdırılmasına qədər bütün prosesi vahid rəqəmsal və əməliyyat sistemində birləşdirdi.
Nəticədə:
24/7 işləyən dark store əsaslı onlayn supermarket quruldu;
məhsul çeşidi real istifadəçi datası əsasında optimallaşdırıldı;
müştəriyə yalnız ona xidmət göstərən deponun aktual stoku göstərildi;
anbar yığımı məhsulların fiziki yerləşməsinə uyğun ardıcıllıqla sürətləndirildi;
müştəri, anbar və kuryer üçün inteqrasiya olunmuş tətbiqlər yaradıldı;
sifariş və kuryer izlənməsi real vaxtda mümkün oldu;
xidmət ərazisi boyunca maksimum 15 dəqiqəlik çatdırılma təmin edildi;
sadiq və təkrar sifariş verən müştəri bazası formalaşdı;
fəaliyyətin yetkin mərhələsində gündəlik stabil olaraq yüzlərlə sifariş və minlərlə manatlıq satış dövriyyəsi əldə edildi;
platforma bir il ərzində 100.000 istifadəçiyə çatdı.
Bazarın dəyişməsi və strateji dayandırılma
Zakaz-ın fəaliyyəti sürətli onlayn supermarket modelinin Azərbaycan bazarında real tələb yaratdığını göstərdi. Model diqqət çəkdikcə oxşar xidmətlərin sayı sürətlə artmağa başladı.
Kiçik rəqiblər əsas təhlükə deyildi. Məhsulu, dark store əməliyyatlarını və logistika sistemini özümüz qurduğumuz üçün prosesi daha dərindən bilir və davamlı optimallaşdıra bilirdik.
Bazardakı əsas dəyişiklik Wolt və Bolt Food kimi böyük platformaların supermarket və gündəlik alış kateqoriyasına daxil olması ilə baş verdi. Onların geniş kuryer şəbəkəsi, yüksək reklam büdcəsi, bonus və mükafat mexanizmləri bazarı sürətlə parçaladı və rəqabəti daha kapitaltutumlu etdi.
Aşağı marjalı supermarket modelində bu rəqabəti davam etdirmək daha böyük və davamlı investisiya tələb edirdi. Bu mərhələdə holdinq kapitalı digər prioritet biznes istiqamətlərinə yönəltmək qərarı verdi və Zakaz-ın fəaliyyəti dayandırıldı.
Bu, məhsulun işləməməsi ilə bağlı qərar deyildi. Zakaz gündəlik yüzlərlə sifariş qəbul edən, stabil dövriyyəsi və sadiq müştəri bazası olan işlək biznesə çevrilmişdi. Dayandırılma dəyişən rəqabət mühiti və investisiya prioritetlərinin yenidən müəyyənləşdirilməsi ilə bağlı strateji qərar idi.
Sonrakı dövrdə bazardakı bir çox kiçik oyunçunun da fəaliyyətini davam etdirə bilməməsi bu modeldə miqyasın, logistika gücünün və kapitalın nə qədər həlledici olduğunu göstərdi.
Uğurlu məhsul yaratmaq həmişə onu sonsuz müddət fəaliyyət göstərdirmək demək deyil. Bəzən düzgün qərar məhsulun nəticələrini, bazarın dəyişməsini və kapitalın alternativ dəyərini birlikdə qiymətləndirməkdir.
Zakaz-ın əsas uğuru istifadəçinin marketə gedib geri qayıtmasından daha qısa müddətdə sifarişini qapısına çatdıran, data ilə inkişaf etdirilən və real bazarda işləyən rəqəmsal supermarket modeli qurması idi.
